Bələdiyyələr müəssisə yaratmırlar, ona görə ki….CİDDİ
Formalaşdıqları dövrdən başlayaraq bələdiyyələrə qanunvericilik qaydasında büdcə gəlirlərinin istiqamətləri də müəyyən edilib. Bələdiyyələrin əldə etməli olduğu vergilər və qeyri-vergilərin (rüsum və ödənişlərin) siyahısı bələdiyyə qanunvericiliyində açıq-aydın göstərilib.
İndi isə bələdiyyələrin büdcə gəlirlərinin statistikasında olan bir məqama diqqət yetirək. Ötən il 685 bələdiyyənin mülkiyyətində olan müəssisə və təşkilatlardan daxil olan mənfəət vergisinin həcmi 6.100 manat olub.
Gəlin, bu istiqamətdən bələdiyyə
büdcəsinə daxil olan vəsaitin son on ilin statistikasına baxaq:
Mənfəət vergisinin həcmi 2016-ci ildə 500 manat,
2017-ci ildə 600 manat, 2018-ci ildə 2.900 manat, 2019-cu ildə 1.900 manat, 2020
- ci ildə 1.900 manat, 2021-ci ildə vəsait əldə olunmayıb, 2022-ci ildə 1.600
manat, 2023-cü ildə 200 manat, 2024-cü ildə 13.200 manat, 2025-ci ildə 6.100
manat təşkil edib.
Beləliklə, on il ərzində bələdiyyənin mülkiyyətində
olan müəssisə və təşkilatlardan daxil olan mənfəət vergisinin həcmi nə az nə
çox düz 28.900 manat təşkil edib. Nəzərə alaq ki, 2021-ci ildə vəsait əldə
olunmayıb. Ən yüksək rəqəm isə 2024-cü ildə olub ki, onun 9.900 manatı Ağstafa
bələdiyyələrindən biri əldə edə bilib.
Göründüyü kimi, rəqəmlər mənzərənin hansı vəziyyətdə
olmasından xəbər verir. Statistik rəqəmlərə diqqət yerisək Bakı bələdiyyələrinin
büdcəsinə 25 il ərzində sözügedən istiqamətdən
maliyyə vəsaiti daxil olmadığını görərik. Büdcə gəliri milyon manatı keçən bələdiyyələr
məgər müəssisə təsis etməklə bələdiyyə üçün
əlavə dayanlıqlı maliyyə mənbəyi yarada bilməzdilərmi? Düşünürəm ki, müəssisə yaratmaq niyyətində
olan onlarca bələdiyyə sədri sadəcə üzləşə biləcək problemlərdən uzaq durmaq
istədiklərindən, bir növ başlarını “cəncələ” salmaq istəməmişlər.
Bu rəqəmləri müvafiq qurum rəhbərləri, xüsusəndə bələdiyyələrin
vergi məsələlərinə metodik yardım göstərən Dövlət Vergi Xidmətinin əməkdaşları
da görüb maraqlansaydılar yəqin ki, 26 illik fəaliyyətləri dövründə bələdiyyələr
təcrübəsi yayıla biləcək, heç olmasa, bir müəssisə yarada bilərdilər.
Bəs bələdiyyələr niyə by sahəyə maraq göstərməyiblər?
Müşahidələrimiz göstərir ki, əslində bu sahənin yaradılmasına və inkişafına ciddi
şəkildə bir çox bələdiyyə sədrləri maraq göstərib və bu gündə göstərməkdədirlər. Lakin təsis
edib fəaliyyətə başlayar-başlamaz süni şəkildə yaradılan problemlər nəticədə təsis
edilən müəssisəni “beşikdəcə boğub”.
Bu məqamla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
iş Baş idarəsinin müvafiq tövsiyəsi olsa da, bələdiyyə sədrləri risk etmək istəmirlər.
Çünki fəaliyyətə başlanılması üçün müəssisə qarşısında qoyulan rəsmi və qeyri-rəsmi
tələblər bu sahənin inkişafına ciddi şəkildə maneə yaratmaqdadır. Adlarının çəkilməsini
istəməyən onlarca bələdiyyə sədrləri bu problemlə üzləşdiklərindən müəssisəni fəaliyyətinin
dayandırmalı olduqlarını bizə bildiriblər. Dövlət Vergi Xidmətinin
müvafiq qurumu da öz məlumat bazasındakı məlumatları təhlil etsə, maraqlansa,
düşünürəm ki, mövcud problemləri görə bilər.
Düşünürəm ki, bu gün bələdiyyə müəssisəsinin fəaliyyətinə
şərait yaratmaq, müəyyən güzəştlərin tətbiq edilməsinə, həmçinin bələdiyyə
müəssisələrinə güzəştli kreditlərin verilməsinə nail olmaq əvəzinə, fəaliyyətə
başlamamışdan öncə müəsisə qarşısında işçi sayı, DSMF ödənişləri və digər məsələlərlə
bağlı hansısa tələbin və ya şərtin qoyulması bütün hallarda yolverilməzdir.
Yekun olaraq qeyd edim k, hər bir qurum bələdiyyələrin müəssisə təsis etməklə sahibkarlıq fəaliyyətinə “yaşıl işıq” yandırmaqla öz növbəsində bu qurumların dayanıqlı maliyyə mənbəyinin yaradılmasına öz töhfəsini vermiş olar.
Nəticədə isə ölkə
başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsində operativlik də
artar.
Vüqar Tofiqli
Rəylər
0 Rəy